Sərkisyanın partiyası Paşinyanın planına şərtlə razılaşdı
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası oktyabrın 9-u axşam bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Nikol Paşinyan istefa verəcəyi təqdirdə partiya baş nazir postuna namizəd irəli sürməyəcək.
Növbədənkənar parlament seçkisinin əleyhinə olmadığını bəyan edən partiya vaxt məsələsində hökumətdən fərqli düşündüyünü vurğulayıb. Respublikaçılar seçkinin 2019-cu ilin may-iyun aylarında keçirilməsini məqbul sayır.
Serj Sərkisyan 1990-cı ildə yaradılmış Respublika Partiyasına 2007-ci ildən sədrlik edir. 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. O, mayın 8-dən baş nazir postunu tutur.
Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Nikol Paşinyan istefa vermək niyyətindədir. Plana əsasən, o, istefa verərkən baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır, iki həftə ərzində parlament yeni baş naziri seçmir və buraxılır, dekabr ayına növbədənkənar seçki təyin olunur.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
Oktyabrın 8-də Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Qaqik Sarukyanla görüşüb. Onlar parlament seçkisinin bu ilin dekabr ayında keçirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar. Bəyannamədə baş nazirin istefa verəcəyi təqdirdə həmin posta namizəd göstərməmək və göstəriləcək namizədi dəstəkləməmək öhdəliyi də yer alır.
Oktyabrın 9-da Ermənistan parlamentinin 14 deputatı bəyanat imzalayaraq dekabr ayında növbədənkənar seçki keçirilməsinə tərəfdar olduqlarını açıqlayıblar. Onlar qeyd ediblər ki, baş nazir Nikol Paşinyan istefa verdikdən sonra həmin posta heç kim seçilməməli, parlament buraxılmalı, dekabr ayında qanunverici orqana yeni seçki keçirilməlidir. Bəyanatı Respublika Partiyasının parlament fraksiyasına daxil olan 7, həmin qurumun üzvü olub fraksiyaya qatılmayan 4, Sarukyan blokundan 1, fraksiyasız 2 deputat imzalayıb.