Məmməd İbrahimi yenə buraxmadılar
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalmasından ötrü verilən vəsatətə baxılıb. Hakim Hüseyn Səfərov vəsatəti rədd edib.
Prosesdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və Məmməd İbrahimin özü də iştirak edib.
Məmməd İbrahimin oğlu Turan İbrahim “Azadlıq” radiosuna bildirib ki, atasının səhhətində problemlər var. Onun sözlərinə görə, atası saxlandığı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb: “Oktyabrın 9-da evə zəng eləmişdi. Özü də dedi ki, narahatlıqları var. Gözünün biri tor görür”.
Məmməd İbrahim iki ay öncə gözündən əməliyyat olunub. Oğlunun dediyinə görə, əməliyyat olunan gözündə yenə problem yaranıb.
Novator.az bildirir ki, Yasamal Rayon Məhkəməsi sentyabrın 28-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunduğu açıqlanan Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimin həbsindən verilmiş şikayəti təmin etməyib.
Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya altı ayadək müddətə azadlıqdan məhrumetmədir.
Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrında həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.
2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan edib ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub.