Ermənistanın daxil olduğu blok təlimə başlayıb
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Oktyabrın 10-u Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin birgə hərbi təlimi başlayıb.
Novator.az-ın məlumatına görə, Edelveys poliqonunda keçirilən taktiki təlimə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üst-üstə 2000-ə yaxın hərbi qulluqçusu, 300 hərbi texnika, 40-a yaxın uçan aparat, aviasiya cəlb olunub.
Təlim planına əsasən, KTMT-nin birləşmiş ordu qrupu qurumun üzvü olan ölkədə hərbi münaqişənin aradan qaldırılması, ərazi bütövlüyünün bərpası və konstitusiya quruluşunun müdafiəsi üçün qanunsuz hərbi birləşməni məhv etməlidir.
KTMT-nin əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.
7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.