Təbriz küçəsi necə yenilənib?
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakının Nəsimi və Nərimanov rayonları arasında uzanan Təbriz küçəsində yenidənqurma işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb: “İstismar müddəti bitmiş 2,9 kilometr uzunluğunda su və 1,5 kilometr uzunluğunda qaz xətləri yenidən çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində yeni yol ayrıcı inşa olunub.
Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu və kipləşdirmə işləri aparılıb, yol ayrıcı və piyada səkiləri bərpa olunub, kənarlarında köhnə səki daşları sökülərək yeni səki daşları ilə əvəz olunub.
Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 40 ədəd yeni yağış barmaqlıqları və 138 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub. İşıqlandırma sistemi yenilənib, əlavə olaraq yola 28 ədəd işıq dirəyi quraşdırılıb.
Həmçinin küçə boyu 55 min kvadratmetr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Əhməd Rəcəbli küçəsinin bir hissəsində də təmir-tikinti işləri aparılıb. Bu işlər küçənin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində görülüb.
Təmir-tikinti işləri çərçivəsində yol ayrıcının eninin kiçildilməsi nəticəsində yolun hərəkət hissəsinin eni genişləndirilib”.