Qarabağdakı hökumətin başçısı istefasına aydınlıq gətirdi
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
İşğalçı Dağlıq Qarabağ rejiminin “dövlət naziri” postundan istefa verən Araik Arutunyan iyunun 6-sı Xankəndidə mətbuat konfransı keçirib. Novator.az-ın məlumatına görə, o, istefasının son hadisələrlə bağlı olmadığını deyib: “Mənim istefa məsələm dəfələrlə müzakirə olunub, o cümlədən 2012-ci ilin “prezident seçkisi”ndən sonra. O vaxt ictimaiyyət bütün problemlərin baiskarı kimi məni nişan verirdi”.
Araik Arutunyan vaxtaşırı kadr dəyişikliklərinin zəruri olduğunu vurğulayıb və qeyd edib ki, Azad Vətən Partiyasının lideri kimi fəaliyyətini davam etdirəcək.
Araik Arutunyan iyunun 6-da işğalçı rejiminin başçısı Bako Saakyana istefa ərizəsi təqdim edib.
1973-cü ildə Xankəndidə anadan olan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri” olub. 2017-ci ilin sentyabrın 25-dən “hökumətə” “dövlət naziri” kimi rəhbərlik edir.
İyunun 1-i Xankəndidə bir qrup şəxslə “Milli Təhlükəsizlik Xidmətinin” iki əməkdaşı dalaşıb. Davada iki şəxs xəsarət alaraq xəstəxanaya düşüb. Bundan sonra Xankəndidə etiraz aksiyaları keçirilib, “Milli Təhlükəsizlik Xidməti” rəhbərliyinin, o cümlədən “hökumətin” istefası tələb olunub.
İyunun 6-da Araik Arutunyan istefa ərizəsi yazandan sonra “Polis rəisi” postunu tutan Kamo Ağacanyanla “Milli Təhlükəsizlik Xidmətinin” direktoru Arşavir Qaramyan da istefa veriblər.