Astanada ağır məğlubiyyət
- 06 İyun 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Azərbaycanın milli futbol komandası iyunun 5-i Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu il milli komanda daha dörd yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yanvarın 30-u Antalyada Moldova millisi ilə görüşdə hesab açılmayıb. Martın 27-si eyni məkanda Makedoniya yığması ilə matç da heç-heçə bitib – 1:1.
Bakıda martın 23-ü Belarusla oyunda qonaqlar (1:0), mayın 29-u Qırğızıstan millisi ilə oyunda Azərbaycan yığması (3:0) üstün gəlib.
Azərbaycan yığması UEFA-nın yeni turniri olan Millətlər Liqasının D divizionunun 3-cü qrupunda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq. Milli komanda ilk oyununu sentyabrın 7-si Bakıda Kosovo seçməsinə qarşı keçirəcək, sentyabrın 10-da Malta, oktyabrın 11-də Farer adaları səfərinə çıxacaq.
Milli komanda oktyabrın 14-də Maltanı, noyabrın 17-də Farer adalarını qəbul edəcək. Hər iki görüş Bakıda olacaq. Sonuncu matç noyabrın 20-si Kosovoda keçiriləcək.
Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir komanda olmaqla dörd vəsiqə verir. Bunun üçün divizionlardakı qrup qalibləri arasında yarımfinal və final matçları keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.
D divizionunun 1-ci qrupunda Gürcüstan, Latviya, Qazaxıstan, Andorra; 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova, San Marino; 4-cü qrupunda Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq yığmaları yer alır.