Qarabağdakı “hökumət”
- 28 Dekabr 2017
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Novator.az işğalçı Dağlıq Qarabağ rejiminin “hökumətinə” dair arayış hazırlayıb.
Rejimin yeni “konstitusiyası” ilə Dağlıq Qarabağ “prezident respublikası”dır, “baş nazir” postu ləğv edilib. Hazırda “hökumət” dövlət nazirindən, 12 nazirdən, daha 3 qurumun rəhbərindən ibarətdir. Onların təyinatı “prezidentin” səlahiyyətindədir.
Novator.az bildirir ki, işğalçı rejimin “hökumətinə” Xarici İşlər; Müdafiə; Ədliyyə; İqtisadiyyat və İstehsal İnfrastrukturu; Maliyyə; Kənd Təsərrüfatı; Şəhərsalma; Səhiyyə; Əmək, Sosial Məsələlər və Məskunlaşma; Elm, Təhsil və İdman; Mədəniyyət, Gənclər və Turizm; Ətraf Mühiti Mühafizə və Təbii Sərvətlər nazirlikləri daxildir.
Milli Təhlükəsizlik; Fövqəladə Hallar xidmətləri, Polis də “hökumətin” tərkibində yer alır.
“Dövlət naziri” koordinasiyanı Hökumət İşləri İdarəsi vasitəsilə aparır. Bu qurum katiblikdən və 7 şöbədən ibarətdir. Hökumət İşləri İdarəsinə iki müavini olan rəis başçılıq edir.
Rayon administrasiyalarının rəhbərləri də (7 nəfər) “hökumətin” strukturunda göstərilir.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.
İşğalçı rejim indiyəcən seçki və referendum adı altında 20-dən çox qanunsuz aksiya keçirib.
Qondarma rejimin ilk rəhbəri Leonard Petrosyan olub. O, qondarma rejimə 12 sentyabr 1991-ci ildən rəhbərlik edib.
8 yanvar 1992-ci ildən işğalçı rejimin rəhbəri postunu Artur Mkrtçyan, 14 aprel 1992-ci ildən Georgi Petrosyan tutub.
15 avqust 1992-ci ildən Robert Köçəryan işğalçı rejimə rəhbərlik etməyə başlayıb.
1997-ci il martın 20-dən rejimə müvəqqəti Leonard Petrosyan rəhbərlik edib. Bunun ardınca Arkadi Qukasyan rəhbərliyə gəlib. O, 1 sentyabr 1997-ci ildə və 11 avqust 2002-ci ildə “prezident” seçilib.
19 iyul 2007-ci ildən rejimə Bako Saakyan başçılıq edir.