Vergilər Nazirliyi xəbərdarlıq yayıb
- 12 Dekabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Vergilər Nazirliyi elektron qaimə-fakturaların tətbiqi barədə xəbərdarlıq yayıb. Qeyd olunur ki, 2018-ci il yanvarın 1-dən statusundan asılı olmayaraq bütün vergiödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdimatı zamanı elektron qaimə-faktura təqdim etməlidir.
Elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) ilə tərtib edilərək və ya “Lazımi proqramlar”dan yararlanmaqla oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.
Sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.
Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.