Əmək pensiyalarının orta aylıq məbləği açıqlanıb
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2017-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz artaraq 2 milyard 532,59 milyon manat olub. Rəsmi hesabata görə, fonda daxilolmaların 65,13 faizi qeyri-büdcə sektorunun payına düşüb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz çox olmaqla proqnozun 105,24 faiz icra edildiyini göstərir.
Nazirlik qeyd edir ki, əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci ilə cari ilin əvvəli ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 330 min nəfərə, pensiyaların orta aylıq məbləği 204 manata çatıb.
Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da artım var. Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,47 faiz çoxdur. 1 oktyabr 2017-ci ilə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 milyon 528 min 470 nəfər olub.