Yay qrafiki açıqlanıb
- 07 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakı metrosu iyulun 10-dan yay qrafikinə keçir. Həmin gündən qatarlar arasında interval pik saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda əsasən 3 dəqiqə olacaq.
Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq. Tədris mövsümü sentyabrın 15-də başlayır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, iyulun 10-dan pik saatlarda “Həzi Aslanov” metro stansiyasından “28 May” metro stansiyasına qədər və əks istiqamətdə intervalın 2,5 dəqiqə olması, qalan vaxtlarda 3 dəqiqəlik intervalla hesablanmış hərəkətin təşkili nəzərdə tutulur.
Nəsimi Paşayev deyib ki, metropolitendə qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir: “Buna görə də “28 May” metro stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” metro stansiyaları istiqamətində interval iki dəfə artır. Həmin sahələrdə qatarlar pik saatlarda 5 dəqiqə, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir”.
Pik saatlarda hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Ancaq qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir.