Bakı Moskvaya nə cavab verdi?
- 07 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir: “Rusiya Xarici İşlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblüdür və başa düşülən deyil. Bu xüsusda Rusiyanın təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.
Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində axır dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndi Rusiyanın bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir.
Azərbaycan əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradıb. Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin olunub. Dərin multikultural ənənələrə sahib, müxtəlif etnik mənşəyə malik insanların azad birgəyaşayış məkanı olan Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb-buraxılmamasına dair özü qərar verir.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır.
Xocalı faciəsini xatırlatmaq istərdik. Erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsi ilə Xocalı sakinləri bir gecənin içində Ermənistan silahlı qüvvələrinin soyqırımına məruz qalıblar. Bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində bir qadının və onun 2 yaşlı nəvəsinin ölməsi faktı Ermənistanın mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparmasının daha bir sübutudur. Xüsusən də belə bir həssas dönəmdə Rusiyadan bu məsələyə belə diqqət yetirilməsi ciddi sualların yaranmasına səbəb olur.
Məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkənin bu məsələni qaldırmadığı halda Rusiyanın məsələyə bu dərəcədə diqqət yetirməsi heç bir halda başa düşülən deyil. Təəssüflər olsun ki, Rusiya ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyinə biganəlik göstərir.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaq. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaq. Ondan sonra insanların da sərbəst gediş-gəlişi üçün imkan yaranmış olacaq. Azərbaycanın bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb”.
Novator.az xatırladır ki, iyulun 5-də rəsmi Moskva Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına münasibətini pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Rusiya vətəndaşları Azərbaycanda etnik mülahizələrlə ayrı-seçkiliyə məruz qalır. Bildirilib ki, 2017-ci ildə Rusiyanın 25 vətəndaşı Azərbaycana buraxılmayıb. Həmin şəxslərin bəzi hallarda yeməksiz, susuz, tibbi yardımsız saxlandığı, sonra öz hesablarına ölkədən çıxarıldığı vurğulanıb.
Nazirlik bəyan edib ki, deportasiyaya əsas kimi Rusiya vətəndaşlarının erməni soyadı daşıması göstərilib, ancaq rus ad-soyadlı vətəndaşların erməni əcdadı üzə çıxarmaq üçün sorğu-suala məruz qaldığı hallar da olub.