Azərbaycanlı gənclər Tbilisidə etiraz aksiyası keçiriblər
- 07 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Gürcüstanın ali təhsil ocaqlarında oxuyan bir qrup tələbə və fəal gənc Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi təxribatlar, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların – qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, azərbaycanlı tələbə-gənclər metronun “Marcanaşvili” stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar “Qafqazda sülh olsun!”, “Ermənistan, işğalçılıq siyasətinə son qoy!”, “Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin!”, “Reginda sülh, dünyada sülh!” şüarları səsləndiriblər. Azərbaycanlı tələbələrin hazırladıqığı etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.
Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.
Aksiyada iştirak edən Lali Natidze bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: “Ona gorə gürcülər də bu aksiyaya qoşulub və azərbaycanlıların haqq səsini müdafiə edirlər”.
İyulun 4-də işğalçı erməni qoşunları Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Düşmən təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva həlak olub, 52 yaşlı Səlminaz Quliyeva isə ağır yaralanıb.
Ermənistan ordusu 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal edib.