ABŞ sakitliyə çağırır
- 07 İyul 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə əlaqədar rəsmi bəyanat verib. AZƏRTAC-ın məlumatına görə, bəyanatda deyilir ki, Birləşmiş Ştatlar yenə də dinc sakinlərin, o cümlədən ikiyaşlı uşağın ölümü ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatlıq keçirir.
Noyert həlak olanların ailələrinə başsağlığı verib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə yanaşı ABŞ tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa dəvət edir.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, regionda ABŞ-ın siyasəti aydın olaraq qalır, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli özündə güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə əhatə edən beynəlxalq hüquq çərçivəsində danışıqlar əsasında tənzimlənmədir.
Novator.az xatırladır ki, iyulun 4-də işğalçı erməni qoşunları Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Düşmən təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva həlak olub, 52 yaşlı Səlminaz Quliyeva isə ağır yaralanıb.
Ermənistan ordusu 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal edib.