ABŞ “Azadlıq”ın məsələsini Azərbaycan hökuməti ilə müzakirə edir
- 07 İyul 2017
- comments
- Novator.az
- Posted in Xəbər
ABŞ-Azərbaycan münasibətlərinin 25 illiyi tamam olur. Bununla əlaqədar ABŞ-ın Azərbaycanda səfiri Robert Sekuta “Amerikanın səsi”nə geniş müsahibə verib.
Novator.az-ın məlumatına görə, müsahibəsində o, “Azadlıq” radiosu ilə bağlı sualı da cavablandırıb.
“Amerikanın səsi”: Münasibətlərin 22-ci ilində ABŞ-ın “Azadlıq” radiosunun Bakı ofisinin qapıları bağlanıb. Münasibətlərin 25-ci ilində isə radionun saytına girişə blok tətbiq edilib. Bu barədə fikirləriniz necədir? Radionun Bakı ofisinin işini bərpa etməsi ilə bağlı danışıqlar mövcuddurmu, perspektivə necə baxırsınız?
Robert Sekuta: Bu, Amerika Birləşmiş Ştatları üçün çox vacib olan bir məsələdir. Məsələnin vacibliyini vurğulamaq istəyirəm. Biz bu məsələni Azərbaycan hökuməti ilə müzakirə edirik. Sadəcə olaraq, bu diplomatik müzakirələr olduğundan detalları barədə danışmaq istəməzdim.
“Amerikanın səsi”: Bəs perspektivi necə görürsünüz?
Robert Sekuta: Təkrar vurğulamaq istərdim. Bu, ABŞ üçün çox vacib bir məsələdir və ABŞ bu məsələnin Amerika-Azərbaycan münasibətlərində çox vacib olduğunu yenidən anlayır və başa düşür.
Müsahibəsində səfir Qarabağ münaqişəsindən də söz açıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi müharibə yolla həll oluna bilməz. Münaqişə nəticəsində əziyyət çəkən insanlarla keçirdiyi görüşlərə toxunan səfir deyib: “Müəyyən insanlar düşünür ki, beynəlxalq icma Dağlıq Qarabağ münaqişəsini çox asanlıqla həll edə bilər. Amma biz onun şahidi olmuşuq ki, dünyada hər bir şey istənilən kimi asan həll olunmur. Mən beynəlxalq icmanın, beynəlxalq qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində yardımını belə görə bilərəm ki, iki tərəfi bir araya gətirərək və ya iki tərəfin bir araya gəlməsinə yardım edərək, iki tərəfin bir-biri ilə ünsiyyətini təmin edərək gələcək yolun müəyyənləşdirilməsi üçün bir çərçivənin formalaşmasına yardım edə bilərik”.
Robert Sekuta Qarabağda hərbi əməliyyatların bərpa oluna biləcəyinə inanmadığını qeyd edib.