İyunun 6-da Səhiyyə Nazirliyi açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər planının icrası üzrə tədbir keçirib. Novator.az-ın məlumatına görə, tədbirdə qeyd edilib ki, nazirlik 19 adda elektron xidməti yenidən hazırlayıb istifadəyə verib. O cümlədən doğum haqqında tibbi şəhadətnamə elektron registrindən məlumatların verilməsi, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətlərinin elektron formada göstərildiyi vurğulanıb.
Elektron xidmətlər siyahısına dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu, dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi də daxildir.
Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu xidmətindən 2017-ci il mayın 22-nə qədər 20 min 15 dəfə istifadə edilib. Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətindən 7 min 716 dəfə, dərman vasitələri haqqında məlumat verilməsi xidmətindən 3 min 672 dəfə, tibbi kadrların vahid registrindən məlumatların verilməsi xidmətindən 1231 dəfə, tibb müəssisələri barədə məlumatların verilməsi xidmətindən isə 832 dəfə istifadə olunub.