Kənd Təsərrüfatı Nazirliyində pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC-nin gördüyü işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, 5 iyun iclasında çıxış edən “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov bir sıra regional nümayəndəliyin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısamüddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlardan danışıb.
“Aqrolizinq” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub.
Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib.
“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov ciddi xəbərdarlıq, damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilov isə şiddətli töhmət alıb.