Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib. Prezident İlham Əliyevin 5 iyun sərəncamı ilə şuraya dövlət orqanlarından Cəmaləddin Quliyev (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri), Rasim Həsənov (Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri), İntiqam Hümbətov (Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri) daxil olublar.
Kütləvi informasiya vasitələrini şurada bu şəxslər təmsil edəcək: Həsən Həsənov (“Xalq qəzeti”nin baş redaktoru), İlqar Hüseynov (“Trend” İnformasiya Agentliyinin baş direktoru), Bəhruz Quliyev (“Səs” qəzetinin baş redaktoru).
Jurnalist təşkilatlarından şuraya Ramiz Əskərov (Azərbaycan Jurnalistlər Birliyinin baş katibi), Ayaz Mirzəyev (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri), Əvəz Rüstəmov (“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri) təyinat alıblar.
Novator.az bildirir ki, əvvəlki heyətdən yalnız İntiqam Hümbətov şuranın yeni tərkibində yer alır. 2013-cü ildən şurada onunla yanaşı dövlət orqanlarından Vüqar Əliyev (Prezident Administrasiyası), Faiq Qurbanov (Ədliyyə Nazirliyi) fəaliyyət göstərirdi.
Kütləvi informasiya vasitələrindən əvvəlki təmsilçilər Rəşad Məcid (“525-ci qəzet”in baş redaktoru), Vüqar Rəhimzadə (“İki sahil” qəzetinin baş redaktoru), Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru) idi.
Jurnalist təşkilatlarını Əflatun Amaşov (Azərbaycan Mətbuat Şurasının sədri), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri) təmsil edirdi.
Şura üzvlərinin səlahiyyət müddəti dörd ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq şuranın üzvü ola bilməz.