AXCP üzvü Fuad Əhmədlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror Fuad Əhmədliyə 7 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Xəbəri Azadliq.info yayıb.
Fuad Əhmədli 2016-cı il avqustun 18-i Bakıda tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur. Təqsirləndirilən ittihamın yalan olduğunu, siyasi baxışlarına görə sifarişlə həbs edildiyini bildirir.
Tutulanda Fuad Əhmədliyə Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 2017-ci ilin martında ittihamlar ağırlaşdırılıb, cəbhəçi gəncə hər iki maddənin 2-ci bəndləri ilə, yəni 302.2 və 308.2-ci maddələrlə yeni məzmunda ittiham verilib. Əvvəlki maddələrin birində 2, o birisində 3 ilədək həbs cəzası nəzərdə tutulurdusa, yeni ittihamların sanksiyasında 8 ilədək cəza var.