İyunun 6-sı Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbsindən şikayətə baxılıb. Şikayət təmin edilməyib.
Azadliq.org-un məlumatına görə, prosesdən sonra jurnalistlərə danışan vəkil Osman Kazımov Əfqan Muxtarlının əhvalının yaxşı olduğunu vurğulayıb: “Geniş izahat verdi. Yenə dedi ki, onu Gürcüstanda tutublar. Tutularkən işgəncəyə məruz qalıb, Azərbaycan sərhədində isə cibinə 12 min avro qoyublar”.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.
Müdafiəçiləri bildirir ki, Əfqan Muxtarlı mayın 29-da Gürcüstanın paytaxtında tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra saxlanıb.
Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə Əfqan Muxtarlının işi üzrə qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırma aparır. Bu qurum Əfqan Muxtarlının ailəsini mühafizə altına alıb. Tbilisidə Əfqan Muxtarlının həyat yoldaşı və uşağı yaşayır.
Azadliq.org xəbər verir ki, iyunun 6-sı Tbilisidə bir qrup jurnalist parlament komissiyasının iclası zamanı başlarına torba geyinərək etiraz aksiyası keçiriblər. Onlar əllərində “Əfqan Muxtarlıya azadlıq!”, “Günahkarlar cəzalandırılsın!” şüarları qaldırıblar.