Valyuta mübadiləsi yenilikləri qüvvəyə mindi

84 0

Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin ümumi əsaslarını yeniləyir. Qüvvəyə minən yeniliyə əsasən, rezidentlər və qeyri-rezidentlərin Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququ var. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, lisenziya almış poçt rabitəsinin milli operatoru və lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları malikdir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər xarici valyutanın alğı-satqısını yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirir. Lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinə yol verilmir.

Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydalarını, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata, təhlükəsizliyə dair tələbləri, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.

Mərkəzi Bank manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alğı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alğı-satqı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.

Banklar arasında xarici valyutanın alğı-satqısı Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qaydada həyata keçirilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id