Telman Zeynalov: “Xəzər dənizi can üstədir”. Qulu Məhərrəmli: “Təhlükəni görə-görə yazmırıq”

712 0

Debatın əvvəlinə buradan baxmaq olar:

1-ci hissə 

2-ci hissə 


Novator.az ekologiya və media mövzusunda keçirdiyi debatın üçüncü hissəsini oxuculara təqdim edir. Debat Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmlinin iştirakı ilə keçirilib.

– Ekoloji problemlərə ictimai maraq barədə nə demək olar? Medianı qınayırıq, bəs cəmiyyətin bu problemlərə marağı nə həddədir?

Qulu Məhərrəmli: Media azad deyil, yüksək peşəkarlığı yoxdur və passivdir. Eyni problem qeyri-hökumət təşkilatlarında da yaşanır. Onların etinasızlığı, aldıqları maliyyə yardımını təyinatı üzrə, effektiv xərcləməməsi… Belə problemlər çoxdur. Haqqında danışdığımız ekoloji məsələləri qaldırmalı olan ictimai təşkilatlar lazımınca iş aparmır, demək olar ki, susur. Yalnız bir ciddi hadisə baş verəndə ayılırlar və düşürlər ortalığa ki, bəs problem varmış. Problem həmişə var. Bu baxımdan problemlərin lazımınca aktuallaşdırılmamasında, gündəmə gətirilməməsində media da, cəmiyyət də günahkardır.

Amma belə məsələlərdə mediadan umacaq daha çoxdur. Beynəlxalq iqtisadi forumların birində xoşuma gələn bir fikir səslənmişdi. Dünyada iqtisadi böhranın bu səviyyəyə gəlib çatmasında medianı suçlayan natiq bildirirdi ki, media bu problemləri qabaqcadan görüb xəbərdar etməli idi. Deməli, medianın məsuliyyəti daha çoxdur. Media görməli, işıqlandırmalı, həyəcan təbili çalmalı, ictimai rəy yaratmağı bacarmalıdır.

Telman Zeynalov: Xüsusi maraqlar imkan vermir buna. Biznes maraqları üstün gəlir.  Çoxlu maliyyə ayırırlar, nəticədə əksər vaxt media marağı, ictimai maraq kölgədə qalır. Bir qədər əvvəl Qulu müəllim siqaretə qarşı mübarizədə başına gələni danışdı, bu, çox ağrılı mövzudur. Onu da bilin ki, kommersiya maraqları siqaret istehsalını daha dəhşətli vəziyyətə salıb. Kimyəvi qatışıqlı maddələr hesabına tütünün tərkibini dəyişməklə, üstəlik, onun tərkibindən nikotini çəkib çıxartmaqla əslində siqareti daha zərərli, daha təhlükəli bir şeyə çeviriblər. Bu proseslər də böyük planın bir hissəsidir. Qlobal iqlim dəyişikliyi məsələsi ortaya atılandan sonra tütün sənayesinin gündəminə həm də siqaretin tərkibi məsələsi salındı. İndi siqaretdə istifadə olunan maddələr tütündən qat-qat zərərlidir. Qəribədir, bizim gördüyümüz yaşlılar da tütündən, tənbəkidən istifadə edirdilər, amma 80, bəzən 90 il ömür sürürdülər. İndi isə təmiz məhsullardan, həmçinin təbii tütündən istifadədən imtina olunub. Siqaretin tərkibi də geni modifikasiya olunmuş məhsullar sırasına daxildir, deməli, “alt dünya”nın milyarderləri hələ də öz işlərinə davam edirlər.

Dünya elmində buna bənzər mövzularda, daha çox genetik modifikasiya olunmuş məhsullar ətrafında xeyli müzakirə olub, qalmaqallar baş verib. Bir zaman italyan alimi – səhv etmirəmsə, soyadı Paçauri idi – İspaniya, İtaliya və Fransa alimlərinin dəstəyi ilə geni dəyişdirilmiş məhsullar əleyhinə təbliğata başladı, ancaq bunun bir faydası olmadı. Yenə qarşılarında nəhəng maneəni – Amerikanı gördülər.

ABŞ-da bir məşhur fizik var idi – Fridrix Zeyts, 1962-1969-cu illərdə Amerika Milli Elmlər Akademiyasının prezidenti olub. Fridrix Zeyts kiçik Corc Buşun prezidentliyi dönəmində ona bir məktub yazmışdı, məktubun mətni mediaya da açıqlanmışdı. Görkəmli alim ABŞ prezidentini Kioto protokolunun prinsiplərini pozmaqda ittiham edirdi və bildirirdi ki, dünyada əslində qlobal istiləşmə problemi yoxdur, bu, siyasi dairələrin məqsədli şəkildə ortaya atıb şişirtdiyi yalançı bir məsələdir. Zeyts qlobal iqlim dəyişikliyi və gözlənilən qlobal istiləşmə barədə deyilənləri elmi cəhətdən təsdiqini tapmayan tam əsassız bir iddia adlandırırdı. O, Amerikanın siyasi elitasını, milyardlara nəzarət edən biznes dairələrini, eləcə də onların avropalı müttəfiqlərini ekoloji standartları pozmaqda, hava alverinə girişməkdə günahlandırırdı.

– Debat boyu bir məqam xüsusi vurğulanır ki, əslində media ekoloji sahədə neçə-neçə ciddi problemin üstündən sükutla keçir. Doğrudan da elə vacib mövzular var ki, biz ondan az qala tam xəbərsizik. Yoxsa bizim medianı da tələyə salıblar, Telman müəllim? Bəlkə bizi də ovsunlayıblar?

Telman Zeynalov (gülür): Yox, ovsun-filan məsələsi deyil. Sadəcə biz Avropa mediasını yaxşı izləyə bilmirik. Ekoloji mövzularda Avropa mediası daha fəaldır. Xüsusən geni dəyişdirilən məhsullar barədə ən çox söz açan media, fikrimcə, Almaniyadadır. Sonrakı yerlərdə İngiltərə, Fransa mediaları gəlir.

– Türkiyə mediasında da bu mövzulara az yer verilmir…

Telman Zeynalov: Bu fikirlə qismən razılaşmaq olar. Türkiyə mediası da bu mövzularda müəyyən qədər fəaldır. Ancaq İran kimi Türkiyədə də genetik modifikasiya olunmuş məhsullara qadağa ola-ola həmin məhsullar oralardan gəlib Azərbaycana çıxır. Bunu da araşdırmağa ehtiyac var…

Qulu Məhərrəmli: Fürsətdən istifadə edib mən də Telman müəllimə bir sual vermək istərdim: hazırda Xəzər dənizində vəziyyət, dənizin çirklənmə səviyyəsi, təbii ehtiyatlarının, balıqların tükənməsi məsələsi nə yerdədir? Bununla bağlı həqiqətlər mediada əks olunurmu?

Telman Zeynalov: Get-gedə Xəzərdə nadir növ balıqlar, həmçinin nərə balıqları tükənir. Bunun bir səbəbi də gəmilərin Volqa-Don sahilləri boyunca Qara dənizə, oradan Aralıq dənizinə və yaxud Atlantik okeanına çıxmasıdır. Bu, Xəzərə hər dəfə yeni-yeni bəlalar gətirir. Gəmilər geri dönəndə təhlükəsizlik məqsədilə keçdikləri sulardan özlərinə ehtiyat götürürlər, sonra da həmin suyu axıdırlar Xəzərə. Bu suların içində vəhşi canlılar, yırtıcı balıqlar olur ki, onlar bizim balıqların kökünü sürətlə kəsir.

Xəzərdə balıqların azalmasının daha bir səbəbi kütləvi brakonyerliklə bağlıdır. Bir məqam da yemlə əlaqədardır. Bizdə zavodlar, vətəgələr var ki, dəniz balıqları, xüsusən də nərə balıqları yetişdirir, onların yemi isə xaricdən gətirilir və bu yemlərin əksərinin geni modifikasiya olunub. Belə yemləri balıqlara, heyvanlara onların çəkisini süni şəkildə artırmaq üçün verirlər. Deməli, canlı qeyri-təbii yolla şişirdilir. Bu, insan orqanizmində də eyni fəsadları yaradır. Problem ondadır ki, belə qidalara öyrəncəli insanların orqanizmi gələcəkdə antibiotik də götürməyəcək. Bu proseslərdə gizli və leqal iqtisadiyyata dəstək verən böyük dərman mafiyası da fəal iştirak edir. Qulu müəllim, siz soruşdunuz ki, Xəzərin problemləri ilə bağlı həqiqətlər mediada əks olunurmu? İndicə qısaca qeyd etdiyim məqamlara mediada rast gəlirsizmi? Mən rast gəlmirəm. Olanlar da səthidir. Yaxşı başa düşürəm ki, belə problemləri açıqlığı ilə işıqlandırmaq real təhlükə ilə üz-üzə qalmaq deməkdir. Ona görə həqiqi media dözümlü, möhkəm olmalıdır.

– Telman müəllim, siz ekoloji problemləri işıqlandırmağın, bunu media vasitəsilə ictimailəşdirməyin təhlükələrindən danışırsız. Azərbaycanda mediaya təhlükələr var, amma ekoloji mövzunun təhlükəli olması bizə bir qədər yeni məsələ kimi görünür. Yəni aşkarda bu təhlükə duyulmur. Yoxsa təhlükə alt qatda mövcuddur, ona görə üzdə hiss etmirik?..

Telman Zeynalov: Mən təcrübədən çıxış edib deyirəm. Bayaq Qulu müəllim Xəzər dənizi ilə bağlı sual verdi, qısaca cavablandırdım. Ancaq Xəzərin problemləri deməklə bitəsi deyil. Xəzər dənizi can üstədir, ekoloji baxımdan ölümlə üz-üzədir. Əgər yaxın gələcəkdə dənizdən neft kəmərlərinin çəkilməsi reallaşsa, Xəzər təbii ehtiyatlarını daha sürətlə, daha qəddarcasına itirəcək. Üstəlik, bir problem də var: Xəzərdə suyun səviyyəsi hər il qalxır. Bu hal getdikcə təhlükəli həddə çata bilər. Media həyəcan siqnalı qaldırmağı, hökumət, mütəxəssislər çıxış yolları axtarıb tapmağı bacarmalıdır.

– Doğrusu, debatın əvvəlində biz ekoloji jurnalistikanı nisbətən dinc sahə kimi təsəvvür edirdik. Debatımız sona yaxınlaşır və bizim təsəvvürlərimiz dəyişməkdədir.

Qulu Məhərrəmli: Hə də, düşünürük ki, nə var ekologiyadan yazmağa. Ancaq təbii ki, bu sahədə də mediaya qarşı təhlükələr mövcuddur, sadəcə alt qatda gedir belə proseslər. Yeri gəlmişkən, bunu da üzə çıxarmaq lazımdır. Bayaqdan xeyli problem sadalamışıq: atmosferin çirklənməsi, içməli su problemi, geni modifikasiya olunmuş məhsullar və sair. Necə demək olar ki, bunlar aktual deyil? Hamısı aktual mövzudur, özü də həddən artıq aktualdır. Hər gün qidalanırıq, hər gün yüz minlərlə insan geni dəyişdirilmiş yüz min tonlarla məhsul istehlak edir. Gələcək nəsil, bizim balalarımız, bizim genetikamız üçün real təhlükə olduğunu görə-görə bunlardan yazmırıq.

– Jurnalistlər ekoloji mövzuda materialların sayını artırsa, bu sahəyə daha çox diqqət ayırsa, mediaya qarşı təhlükələrin də artacağını düşünürsüzmü?

Qulu Məhərrəmli: Əlbəttə, təhlükə də artacaq. İndi biz deyirik, danışırıq və ehtimal etmək olar ki, Azərbaycanda bu təhlükəni duyan jurnalistlər də var və onlar bəzi mövzular, o cümlədən genetik modifikasiya olunmuş məhsullar barədə yazmağa çəkinirlər, ehtiyatlanırlar. Belə məhsullar ölkəyə necə gəlib çıxır, kimlər və hansı şirkətlər gətirir, necə olur ki, bu mallar ölkəyə maneəsiz daxil ola bilir, axı məhsulun yararlığı, sağlamlıq üçün təhlükəli olmadığı haqda sənədlər olmalıdır… Bunun özü ayrıca jurnalist araşdırmalarına təkan verəsi suallardır. Belə araşdırmalar lazımdır.

ABŞ-ın PBS telekanalı (bu, ictimai televiziyadır) uşaq qidaları, onların tərkibi barədə bir film hazırlamışdı. Filmə baxanda, jurnalistlərin araşdırmasını izləyəndə heyrətə gəldim. Rejissorun və yaradıcı heyətin ərsəyə gətirdiyi bu sənədli filmdə, geniş jurnalist araşdırmasında uşaq qidalarının tərkibindəki bəzi şübhəli maddələrdən, genetik modifikasiya olunmuş maddələrdən söz açılırdı. Buna görə PBS böyük bir şirkətlə üz-üzə gəlməli oldu. Cavabdeh şirkət telekanalı məhkəməyə verdi, bu məsələ böyük hay-küy yaratdı, ancaq ictimai televiziyanın jurnalistləri bundan qorxmadı, çünki ictimai maraqları ifadə edirdilər. Nəticə də oldu, milyardları olan həmin şirkət uşaq qidalarında yaranmış problemləri ört-basdır edə bilmədi, şirkətin özünə haqq qazandırmağa gücü çatmadı və sonda məhkəməni televiziya uddu. Belə prinsipiallığına, peşəkarlığına görə PBS kanalı ABŞ-da nüfuzlu, elitanı cəlb edən, cəmiyyətdə özü barədə ciddi rəy formalaşdırmış bir televiziya sayılır.

Təəssüf ki, Azərbaycanda belə mühit, bu sayaq jurnalist araşdırmaları yoxdur. Məsələn, geni dəyişdirilmiş məhsullardan danışırıqsa, jurnalist anlamalıdır ki, onun da ailəsi gələcəkdə bu problemlə üzləşəcək, yəni jurnalist mövzunu doğma bilməli, onu tam özününkü etməlidir. Bizim jurnalistlər müxtəlif səbəblərdən – çox səbəb sadalamaq olar –  belə problemlərin ictimailəşməsini ləngidirlər. Jurnalistin mövzunun üstündən sükutla keçməsi problemin aktuallaşmasına əngəl yaradır. Jurnalist fəaliyyəti ayrı-ayrı qüvvələrin, şirkətlərin mənafeyi baxımından məhdudlaşdırıla bilməz. Jurnalist istədiyi mövzunu işləməkdə sərbəst, azad olmalıdır.

– İstər-istəməz gəlib media azadlığı məsələsi üzərinə çıxırıq. Bu problem həllini tapmayınca, jurnalist azadlığı təmin olunmayınca ekoloji mövzular da lazımi səviyyədə işlənməyəcək.

Telman Zeynalov: Medianın özünün yetərincə problemləri var, amma mənə elə gəlir ki, media sonda qalib gələ bilər. Medianın qalib gəlmək şansı daha çoxdur.

Qulu Məhərrəmli: Arzu edirəm ki, mediamız daha fəal olsun, arxasında ciddi mətləblər dayanmayan sensasiyalar dalınca qaçmasın, mühüm mövzulara, o cümlədən ekoloji problemlərə yer ayırsın, ölkəmizdə ictimai rəy yaratmaq gücünə malik bir jurnalistika inkişaf eləsin.


Material Niderland Krallığı Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində “İnternyus-Servis Azərbaycan” MMC tərəfindən reallaşdırılan “Ətraf mühit məsələlərinin gündəmə gətirilməsi: səfərbər edilmiş media və vətəndaş cəmiyyəti səyləri” adlı xidmət çərçivəsində hazırlanıb.
Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id