Cocuq Mərcanlının bərpası: işlər nə yerdədir?

78 0

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti işləri yekunlaşmaq üzrədir. AZƏRTAC xəbər verir ki, hazırda 96 şagird yerlik məktəb binasında və evlərdə son tamamlama işləri aparılır.

Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Yaxın günlərdə qəsəbədaxili yollara asfalt örtüyü salınacaq.

Qəsəbədə Şuşa məscidinin bənzəri də tikilir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsinə aqlay vurulur, damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir.

Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələrinin işğal etdiyi kənd 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun keçirdiyi Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə azad olunub.

2016-cı ilin aprel ayındakı əks-hücumdan sonra Azərbaycan Ordusu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub, dinc əhalinin qayıtması üçün əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Bu il prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasına sərəncamlar verib. Kənddə yaşayış evlərinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, Cocuq Mərcanlı kəndinə gedən 9 kilometrlik yolun tikintisi məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,3 milyon ayrılıb.

 

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id