“İnkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır”

62 0

Mayın 18-i Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğu suyun min metr dərinliyində işləyə bilər, qazma dərinliyi 12 min metrə bərabərdir.

SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşən dövlət başçısı deyib: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməyib. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm.

Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.

Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni bu həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr eyni zamanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”.

İlham Əliyev qeyd edib ki, 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin kontraktı” uğurla icra edilir: “Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi gedib, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik.

Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər. Vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi. Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin. O ki qaldı icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacağıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id