Ağa LAÇINLI

Bilirəm, sən məndən bu cür uzaqdan-uzağa hal soruşmağı heç gözləməzdin, bunu heç ağlına da gətirməzdin. Yəqin danışan dalğalar, söz daşıyıb soraq aparan küləklər ayrılıq ağrısına bükülən salam kağızını sənə çatdıranda o düşmüş çiyinlərini çəkib deyəcəksən: mənim can hayına qalan yerimdə, canımnan əlləşən çağımda oğlum mənə uzaqdan-uzağa hava salamı göndərir. Deyəcəksən, ölmədim, bunu da gördüm!.. Haqlısan, vallah, haqlısan, Laçın.

Ancaq bizim dərdimiz də özümüz kimi, sənin kimi bənzərsizdi. Bizim dərdimiz başqadı, Laçın, tamam başqa. Elə ona görə deyirəm ki:

Salam olsun minalanmış cığırlarına, salam olsun yağı tanklarının cırmaqladığı yollarına, salam olsun qıjovunda qumbara guruldayan çaylarına, salam olsun bomba partlayışından qorxub batan bulaqlarına, salam olsun qollarını mərmi aparan qoca-uca palıdlarına, yadlar mişarlayan göyrüşlərinə-ulaslarına, süysünü sallanan söyüdlərinə, salam olsun dəhnədə acıq qaynadıb yayın yaşıl təhnəsinə qar yağdıran buludlarına, salam olsun özünü qayadan atan qız-gəlinlərinə, salam olsun o qız-gəlinlərin köksündən qurtuluş yolu açan çarpanaq bıçaqlı qayalarına, salam olsun aclıq illərində pencər-əncəriynən kimsəsizləri doyuran yamaclarına, salam olsun külünü mərmi sovuran ocaqlarına, salam olsun üstündə qurd ulayan yurdlarına, salam olsun yol çəkən gözlərinə, dinclik axtaran ruhuna, dözümünə, umuduna, inamına salamlar olsun, Laçın!

Salam olsun sənə – başıaşağılığa, diligödəkliyə, qara qaxınca çevrilən Laçın. Uşaq onu başsız qoyub özgəyə atalıq eləyən atasının, yad kişi qoynuna qısılmış anasının adını çəkməyə ürək eləmədiyi kimi, adam haralı olduğunu soruşanların yanında yad əldə qalmış yerinin adını çəkməyə, ünvanını göstərməyə qorxur. Ancaq sənə sənsiz, səndən soruşmadan, sənə bildirmədən, səni dilə tuta-tuta, qorumaq adıyla aldada-aldada toy qurdular, Laçın!

Gördünmü başımıza nə oyunlar açıldı?! Ev yiyəsi yaddan yardım istədi ki, bəs gəl mənim yurdumu dağıt, parçala, bizi yerimiz-yurdumuz qarışığı təhvil ver bu elin qarı düşmənlərinə… Belə-belə işlər, Laçın… Qarı düşmənin ürək oxuyanları öncə yurdu sevənləri çağırdı, topladı, küylədi, sonra da verdi qırğına. Sonra da sənin dağlarını, dağlarının qardaşı dağları bir fəndlə əsir elədi yağılara. Laçın, indi sən yoxluğunla daha çox varsan, daha çox sevilirsən. Sevmək sevdiyinin yolunda ölmək deməkdi. Qoy belə olsun, mən səndən ötrü gündə yüz yol ölüm, Laçın!

Sən indi sənin ayrılığına dözən-dözməyən minlərcə adamın yuxusunda kənd-kənd, oba-oba, kövşən-kövşən, biçənək-biçənək, bulaq-bulaq, yaylaq-yaylaq canlanırsan, dirilirsən, gur alovlu, dar quyulu, qorxunc partlayışlı yuxularda öz yiyəni çağırırsan. Sən mənlikli oğulların mənlik anası olmusan, Laçın. Səni özünə düşmən kimi qələmə vermək də yağı qurğusudu. Sənin canında-qanında yaşatdığı mənlikdən, mərdlikdən, sevgidən başqa heç nəyi olmayan əliyalınların, ağır ölüm maşınlarının qarşısına tüfək-tapançayla çıxan balaların dövlətin zirehli qoşunu arxadan qaçandan sonra neyləyəsiydi? Ancaq sənin aramsız çağırışların hələ də yuxulara ün salmaqda, canı külə dönüb ruhunu üstünə gərənlərin hələ də qurtuluşu gözləməkdədi. Zincirdə qalan itlərin, buxovlu atların, isti yumurtası üstündə can verən qırt toyuqların, örüşlərdə örənliyə düşən camışların, gəlmə qurdlara şülən verən sürülərin, yelini güllələnmiş, əmcəyi qan sağdıran inəklərin, ta nələrin, ta kimlərin ölmüş-qalmış yiyəsini, qorxaq-qoçaq yiyəsini çağırmaqda, çağırmaqda, çağırmaqdadı. Sən məni çağırırsan, mən də səni, Laçın!

Adamın burnunun ucu göynəyir o yaylaqsız, o yamacsız, o moruqlu-çiyələkli qobularsız, o qonaq gəlişinə qurban kəsən obalarsız, o qəbir ünvanlı babalarsız adamın burnunun ucu göynəyir, vallah! Bir qırrotlu-yarpızlı-yolotulu kətədən, bir dürməklik axtarma pendirdən, bir yumurta boyda bişirilən göy şordan, bir kasa kəsmədən, dələmədən, koramazdan, bir yəhərli-yüyənli gəm gəmirəndən, bir çimişlik suyu duruldan qazan göldən, bir sütül sünbülün kövşənyanı bərboduğundan, bir salxımda qaralmış qarağatdan, bir hortum cincilimli-əvəlikli dovğadan, bir piltanlı kömbədən, bir oynaq hava şırıldadan toy yığnağından, bir gizli sevgiləri üzə çıxardan vay məclisindən, bir söyüşsüz sovuşan çomaq savaşından, bir gileyliləri barışdıran axşam qonaqlığından, bir qalın qara batmış bala əliyi qurtarmaqdan, bir nobatı dost çoxaldan su dəyirmanından ötrü burnunun ucu göynəyir adamın, mənim yurdum, mənim yuvam Laçın!

Toxtaqlıq verən bircə odu ki, Tanrı var, o Tanrı ki, er-gec buynuzsuz qoçun qisasını buynuzlu qoçdan alır. Bir gün ulu babaların, ulu nənələrin o torpağa gömülmüş sümükləri maqnit kimi törəməsini, itib-batmışını çəkib öz qoynuna qaytarır…

İndi mən bir Tanrıya, bir də Onun Torpaq Mələyinə yalvarıram, Laçın!

Ana əsir, oğul azadlıqda… Nə ağır sınaqları, nə bərk düyünləri varmış dünyanın. Ana Tanrı kimidi, oğlu-uşağı yolunda çəkdiyi ağrıları ucdantutma bağışlar, ancaq satılmağını, yadlara verilməyini bağışlamaz. Salam, Laçın, salam, satılmış anam. Yadımdadı, kefinin kök, əlinin gətirən çağında mərkəzdən gələn qonaqların qonaq evində qalar, barlı-bərəkətli obaları gəzər, bulaq başında, meşə talasında erkək ətindən eşər, geri qayıdanda da paylı-pürüşlü qayıdardı. Yazıq anam, satdı səni o mərkəzdən gələnlər, verdiyin pay-pürüşə durmadı onlar, axırda özünü, oğlunu, qızını, köksünə sığınmış qəbirləri satdı öyüdünü özgədən almış satqınlar. İndi onlar dünyanın dinc ölkələrində sənin qanpulunu sağa da sovururlar, sola da. Şuşanın, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocalının qanpulunu. Satdılar səni də, anan Azərbaycanı da, özlərini satdılar o namərdlər. Özünü satana nə cəza kəsilir görəsən, ay mənim günahsız-məhkəməsiz cəza çəkən anam?!.

Altı-yeddi ay çəkən qışına, ildırımlı-gürşadlı yazına, tarlaya-kövşənə dolu yağdıran payızına dözə-dözə yaşayanların, qışın soyuğunda əlinə hovxura-hovxura ot-odun şələsi daşıyanların, at-öküz alıqlayıb uzaq-uzaq ellərə karvan çəkənlərin, nöyütü bir eldən, duzu bir eldən, geyimi-kecimi başqa eldən toplayıb qoynunda güzəran sürənlərin sənin sənliyini, mənliyini yüz illər boyunca yad tapdağından qoruyardılar, Laçın. Mən o adamları yaxşı tanıyıram, onlar yüz il qala səndən keçməzdilər.

Əliklərin yad ovçuya əl verirmi, Laçın? Ayıların yad güllədən yayına bilirmi? Qartalların bala çıxartmağa gülləçatmaz yer tapırmı? Heç inanmıram o büllur təbiətin yadlara dil versin. İnanmıram maralların yad səsə getsin. İnanmıram o bizdilli sərçələr, sığırçınlar, göyərçinlər yad dildə qaqqıldayan toyuq-cücəynən bir yerdə dənlənsin. Bu dünyanın etibarına yaman inanmağım gəlir, Laçın!

Laçın! Hələ ki, qanlıların qan batırır, yağıların yağda üzür. Gün gələr, dərdin-ağrın bir Loğman doğar, dilinə, sirrinə bələd bir Loğman! Tanrını tanıyan bir Loğman!


Bu yazı şair Ağa Laçınlının ölümündən sonra onun arxivindən çıxıb.
İlk dəfə 2013-cü ildə dərc edilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id