Qarabağ müharibəsində rəsmi atəşkəs rejiminin 23 ili tamam oldu. Atəşkəs sazişini 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlılarının komandanı Moskvada imzalayıb.

Novator.az-ın məlumatına görə, Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, 23 illik atəşkəs rejimi dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 4 min nəfərdən çox itki verib. Hesabata əsasən, 2003-2016-cı illər ərzində Azərbaycan 1044 hərbi qulluqçusunu itirib. Onlardan 365-i erməni gülləsinə qurban gedib.

2017-ci ilin ilk 4 ayında isə təhlükəsizlik və müdafiə sektorunda azı 22 hərbi qulluqçunun dünyasını dəyişdiyi bildirilir. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı hesabata əsasən, yanvar-aprel aylarında Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu ermənilərin açdığı atəş nəticəsində həlak olub.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu hesabatlarını medianı monitorinq nəticəsində hazırlayır.

1988-ci ilin fevral ayında ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq üçün separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib. 1991-1993-cü illərdə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilib.

1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id