Ermənistanın hakim Respublika Partiyası hökumət ortağı Daşnaksütunla yeni koalisiya razılaşması imzalamağa hazırlaşır. Novator.az-ın məlumatına görə, hakim partiyanın liderlərindən olan parlament sədrinin müavini Eduard Şarmazanov deyib ki, razılaşma 2017-2022-ci illəri əhatə edəcək.
2016-cı il fevralın 24-ü Respublika Partiyası ilə imzalanmış uzunmüddətli əməkdaşlıq razılaşması əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilib.
Eduard Şarmazanov yaxın günlərdə imzalanacaq yeni razılaşma müstəvisində portfel bölgüsünün hələ müzakirə olunmadığını vurğulayıb.
Aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Daşnaksütun Partiyası 7 mandat götürüb.
Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir. 2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.