Rusiya: parlamentə intihar xəbərlərinə qadağa layihəsi təqdim olunub
Udmurtiya Dövlət Şurası Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına KİV-də intihar və onun metodları haqda material verməyi yasaqlayan qanun layihələri paketi təqdim edib. Novator.az-ın məlumatına görə, udmurtiyalı deputatlar KİV qanununa bununla bağlı yeni maddə əlavə olunması təklifi irəli sürür.
Layihədə KİV-lərdə və informasiya-telekommunikasiya şəbəkələrində intihar üsulları, özünə qəsd etməyin şərtləri və halları ilə bağlı məlumatların, habelə birbaşa və dolayı yolla intihara çağırışların yayılmasını yasaqlayan norma təmin etmək təklif olunur.
Udmurtiyalı deputatlar qadağanın bloqçulara da şamil olunmasını istəyirlər.
Layihə müəllifləri intiharla bağlı məlumatların uşaqlar arasında yayılmaması üçün “Uşaqların sağlamlığa və inkişafa ziyan vuran informasiyalardan müdafiəsi” qanununa da əlavələr olunmasını təklif edirlər.
Səidə Hüseynova