Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdiyi razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib. Mod.gov.az-ın məlumatına görə, mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.
Qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər. Birgə təlimlərin növbəti mərhələsi başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri mayın 1-də başlayıb. Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Mayın 5-də bitəcək birgə təlimlərə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri qatılıb.