“OpinionWay” şirkəti Fransada prezident seçkisinin ikinci turu ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Mayın 7-də keçiriləcək ikinci turda “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparır.
Novator.az-ın məlumatına görə, “OpinionWay” şirkətinin 28-30 aprel arasında keçirdiyi sorğuya 1488 seçici qatılıb. Sorğuda Emmanuel Makron 61%, Marin Le Pen 39% dəstək alıb.
Aprelin 23-də keçirilmiş ilk turda Emmanuel Makron 24,01%, Marin Le Pen 21,3% səslə digər 9 namizədi qabaqlayıblar.
Emmanuel Makron 1977-ci il dekabrın 21-i Amyen şəhərində anadan olub. Parisdə universitet bitirib, iqtisadçıdır. Sosialist Partiyasının üzvü olub. 2014-2016-cı illərdə iqtisadiyyat naziri postunu tutub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb.