Aprelin 25-də Türkiyədə inzibati işlərə baxan məhkəmənin (Danıştay) 10-cu dairəsi müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Ali Seçki Qurumunun 19 aprel qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb.
Novator.az-ın məlumatına görə, məhkəmənin qərarında bildirilir ki, konstitusiya Ali Seçki Qurumunun qərarlarının məhkəmədə araşdırılmasına yol vermir. Qərara 5 hakimdən 4-ü səs verib, 1 nəfər qərarın əleyhinə çıxıb.
Aprelin 19-da Ali Seçki Qurumu Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Vətən Partiyasının 16 aprel referendumunun nəticələrinin ləğvi tələbli müraciətlərinə rədd cavabı verib. Referendumun ilkin rəsmi nəticələrinə görə, seçicilərin 51,41 faizi (25,1 milyon nəfər) ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib, 48,59 faizi (23,8 milyon nəfər) bunun əleyhinə çıxıb.
Bəzi müşahidəçilər hakimiyyətin 2,5 milyonadək səsi saxtalaşdırdığı qənaətindədir. Müxalif partiyalar Ali Seçki Qurumunu qanunlara zidd davranmaqda ittiham edir. Onlar qeyd edirlər ki, seçki qanunu üstündə komissiyaların möhürü olmayan zərfləri və bülletenləri etibarsız sayır, ancaq Ali Seçki Qurumu referendum günü belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib.
Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının dəstək verdiyi konstitusiya yeniliyinə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur, parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.