Cəbhə bölgəsində komandirlərə tapşırıqlar verilib

141 0

Müdafiə Nazirliyinin cəbhə bölgəsində geniş kollegiya iclası keçirilib.

İclasda nazirliyin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlər iştirak ediblər.

Cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Nazir bildirib ki, prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, ali baş komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Cəbhəboyu zonada mövcud vəziyyətdən danışarkən general-polkovnik Zakir Həsənov hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, düşmənin istənilən hərəkətinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id