Türkiyənin Ali Seçki Qurumu müxalif partiyaların 16 aprel referendumu ilə bağlı müraciətlərinə rədd cavabı verib. Konstitusiya islahatı referendumunun ilkin rəsmi nəticələrinə görə, seçicilərin 51,41 faizi (25,1 milyon nəfər) ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib, 48,59 faizi (23,8 milyon nəfər) bunun əleyhinə çıxıb.

Bəzi müşahidəçilər hakimiyyətin 2,5 milyonadək səsi saxtalaşdırdığı qənaətindədir. Müxalif partiyalar Ali Seçki Qurumunu qanunlara zidd davranmaqda ittiham edib. Onlar qeyd ediblər ki, seçki qanunu üstündə komissiyaların möhürü olmayan zərfləri və bülletenləri etibarsız sayır, ancaq Ali Seçki Qurumu referendum günü belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib.

Novator.az-ın məlumatına görə, Ali Seçki Qurumunun 19 aprel iclasında Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Vətən Partiyasının referendumun nəticələrinin ləğvi tələbli müraciətlərinə baxılıb. Aparılan qiymətləndirmənin sonunda hər üç tələb ayrı-ayrılıqda səsə qoyulub. Ali Seçki Qurumunun 11 üzvündən 10-u müxaliflərə rədd cavabı verilməsinə tərəfdar olub.

Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının dəstək verdiyi konstitusiya yeniliyinə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur, parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id