Bu ilin martı son 137 ilin ən isti mart ayları sırasında ikinci yeri tutur

92 0

Uzun illərdir qlobal iqlim dəyişikliyi ilə bağlı tədqiqat aparan NASA alimlərinin  bildirdiyinə görə, 2017-ci ilin martı son 137 ilin ən isti mart ayları sırasında ikinci yeri tutur.

Birinci yeri 2016-cı ilin martı tutub. Həmin ilin mart ayında dünyada orta temperatur normadan selsi ilə 1,27 dərəcə yüksək olub.

Novator.az-ın məlumatına görə, NASA-nın Qoddar adına Kosmik Tədqiqatlar İnstitutunun açıqlamasında bildirilir ki, bu ilin martı ötən illə müqayisədə rekord həddi aşmasa da, 1880-ci ildən 2016-cı ilə qədərki mart aylarının hamısından isti keçib.

Alimlər bildirirlər ki, 2017-nin martının 2016-dan nisbətən sərin olması qlobal istiləşmə prosesinin səngidiyini göstərmir. Əksinə, bu proses davam edir və getdikcə sürətlənir.

Peyk məlumatlarını, meteoroloji stansiyaların hesabatlarını araşdırıb öyrənən NASA tədqiqatçıları vurğulayırlar ki, Yerin atmosfer qatında anomal hava axınının miqyası genişlənməkdədir.

Alimlər qlobal istiləşmədə insan amilini də xüsusi qeyd edirlər. İctimai nəzarətsizlik ucbatından havaya çoxlu zəhərli maddə buraxılır, bu isə temperaturun dəyişməsinə, havaya qarışan qazların təsiri altında istilərin anomal həddə çatmasına şərait yaradır.

Bir qədər əvvəl Dünya Meteorologiya Təşkilatı 2017-ci ildə dünyada “cəhənnəm iqlimi” olacağını bəyan etmişdi. Təşkilat məruzəsində bildirmişdi ki, 2016-cı il yaxın tarixdə ən isti illərdən olub və 2017-ci il daha isti keçəcək. Məruzəyə əsasən, havada karbon qazının çoxalması, dünya okeanlarında temperaturunun yüksəlməsi, buzlaqların əriməsinin sürətlənməsi dəhşətli nəticələrə gətirib çıxara bilər.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id