Kiçik sahibkarların vergisi: departament rəhbəri detalları açıqlayır

80 0

Taxes.gov.az Vergilər Nazirliyi yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədovun müsahibəsini yayıb. Sarxan Məmmədov bildirir ki, ötən ilin dekabr ayında yaradılmış departamentin funksiyalarına kiçik sahibkarlıq subyektlərində uçotun dəqiqləşdirilməsi, xidmət çeşidlərinin artırılması, kiçik sahibkarlara münasibətdə əks-əlaqə prinsipinin tətbiq olunması, onların inzibati yükünün azaldılması ilə könüllü əməl etmə səviyyəsinin artırılması, dövriyyələrin leqallaşdırılmasının təşviq edilməsi ilə real vergi potensialının müəyyən olunması kimi vəzifələr aid edilib: “Müəyyən olunmuş risk dərəcələri əsasında zəruri hallarda vergi nəzarəti tədbirlərinin keçirilməsi də departamentin prioritetidir”.

Novator.az-ın məlumatına görə, vergi ödəyicilərinin uçotu və xidmətin çeşidlərinin artırılması istiqamətində işlərdən danışan departament başçısı deyib: “Dövlət idarəetmə sistemində aparılan islahatlar, sahibkarlığın geniş dəstəklənməsi, biznes mühitinin cəlbediciliyinin artırılması işgüzar fəallığın yüksəlməsinə şərait yaradır. Bu, kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərin sayında da özünü göstərir. 2017-ci ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242 min 522-yə çatıb. 2017-ci ilin ilk rübü ərzində 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb.

Departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir. Bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də bazadır. 2017-ci ilin ilk rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə dəyişdirilib, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub. Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişir.

Vergi ödəyicilərinin uçotunun dürüstləşdirilməsi sahəsində də işlər davam etdirilir. 2017-ci ilin mart ayı ərzində departamentin təşəbbüsü əsasında əks-əlaqə prinsipi tətbiq edilməklə 1071 vergi ödəyicisinin və onlara məxsus təsərrüfat subyektlərinin vergi uçotuna alınmasına kömək göstərilib.

Könüllü əməl etmə səviyyəsinin yüksəldilməsi məqsədilə vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılmasına xüsusi diqqət verilir. Fərdi yanaşma prinsipi ilə vergi ödəyicilərinə daha səmərəli xidmətlərin göstərilməsi və könüllü əməl etmə səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər artıq öz nəticəsini verib. Bu ilin ilk üç ayında vəsaitlərin 90,9 faizi könüllü əməl etmə və vergi ödəyicilərinə göstərilən xidmətlər sayəsində dövlət büdcəsinə daxil olub.

Könüllü əməl etmə səviyyəsinin artmasına təsir göstərən amillərdən biri də 2017-ci ildən fərdi əməklə məşğul olan şəxslərin sabit vergiyə cəlb olunmasıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət növü ilə fərdi qaydada məşğul olan fiziki şəxslər aylıq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyirlər. Onlar kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Vergi yükünün əhəmiyyətli şəkildə azalmasını və bəyannamələrin təqdim edilməsi zərurətinin aradan qaldırılmasını nəzərdə tutan bu yenilik fərdi əməklə məşğul olan şəxslərdə maraq doğurur.

Real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektlərindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait səfərbər olunub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur”.

Sarxan Məmmədov qeyd edib ki, vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdən və informasiya bazasından istifadə etməklə risk meyarlarının qruplaşdırılması aparılır, keçiriləcək vergi nəzarəti tədbirlərinin əhatə dairəsi müəyyən edilir: “2017-ci ilin ilk rübündə risklərin qiymətləndirilməsi nəticəsində 25 min 706 vergi ödəyicisində vergi potensialı olan 61 min 839 risk müəyyən edilib. Risklərin aradan qaldırılmasını təmin etməyən 2731 vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 3 milyon 955,7 min manat hesablama aparılıb, 26 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr keçirilib, 66 vergi ödəyicisində pul vəsaitlərinin və malların uçota alınmaması ilə əlaqədar, 274 vergi ödəyicisində isə səyyar vergi yoxlaması ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id