Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb.
Faiq Əmirli 2016-cı il avqustun 20-dən həbsdədir. İstintaq onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi kimi təqdim edir, dini düşmənçiliyin salınması, dini məzhəbləri yaymaq adı altında vətəndaşların hüquqlarını pozan qrup təşkil etməkdə günahlandırır.
Azadliq.info xəbər verir ki, aprelin 17-si Bakı İstintaq Təcridxanasında Faiq Əmirliyə yeni ittihamlar elan edilib. İstintaq orqanı onu xeyli miqdarda vergidən yayınmada və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilir.
Vəkil Fəxrəddin Mehdiyev Azadliq.info-ya deyib ki, Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməyib.
Faiq Əmirli həbs ediləndən “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, 2016-cı il sentyabrın 5-də qəzetin çapı dayanıb.