100 məntəqəyə təmiz su: prezident sərəncamının icrası nə yerdədir?

887 0

Prezident İlham Əliyev bu il fevralın 24-də və martın 17-də əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının tapşırığına əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılıb. Dövlət başçısı 2017-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli sutəmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını da təsdiqləyib.

Novator.az saytı bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfovdan müsahibə götürüb.

– Modul tipli sutəmizləyici qurğu nə deməkdir? Xahiş edirik öncə bununla bağlı oxucularımıza məlumat verərdiniz.

– Modul tipli sutəmizləyici qurğu bir yerdən digər yerə daşına bilinən qurğudur. Xüsusi hazırlanmış konteynerlərə quraşdırılır. Fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qalmış suları içməli su həddinə kimi çatdırır. Təmizlənmiş su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.

– Dövlət başçısı bu il 15 rayonun 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasını tapşırıb. Hazırda həmin yaşayış məntəqələrində suyun keyfiyyəti nə səviyyədədir, standartdan nə qədər aşağıdır?

– Həmin yaşayış məntəqələrində əhali Kür, Araz çaylarından və bu çaylardan qidalanan arx və kanallardan suyu götürür, heç bir təmizlənmə aparmadan içməli su kimi istifadə edir. Kür və Araz çayları Gürcüstan və Ermənistan ərazilərində normadan qat-qat artıq kimyəvi və bioloji çirklənməyə məruz qalır. Ölkə ərazisinə daxil olan həmin çayların suyu içməyə tam yararsızdır.

– Prezidentin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı fevralın 24-də və martın 17-də imzaladığı sərəncamların icrası istiqamətində hansı işlər görülür?

– İcraçı şirkət 100 kənddə topoqrafiya işlərini başa çatdırıb, layihələr hazırlanıb, müqavilə bağlanıb, 15 qurğunun metal konstruksiyası, 90 qurğunun dəmir hasarları hazırlanıb, təqvim planı təsdiq edilib.

– 2007-2016-cı illərdə 24 rayonun 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Hazırda bu qurğuların hamısı işlək vəziyyətdədirmi?

– Bütün sutəmizləyici qurğular işlək vəziyyətdədir. Baş verən nasazlıqlar qısa müddətdə aradan qaldırılır.

– Modul tipli sutəmizləyici qurğuların quraşdırılması prosesinin davam etdirilməsinə ehtiyac varmı? Növbəti illərdə də belə qurğuların quraşdırılması nəzərdə tutulurmu?

– Növbəti illərdə daha 273 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulur. Hazırda əlavə kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması ilə bağlı rayon icra hakimiyyətlərindən, bələdiyyələrdən və vətəndaşlardan müraciətlər daxil olur.

 


Material Niderland Krallığı Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində “İnternyus-Servis Azərbaycan” MMC tərəfindən reallaşdırılan “Ətraf mühit məsələlərinin gündəmə gətirilməsi: səfərbər edilmiş media və vətəndaş cəmiyyəti səyləri” adlı xidmət çərçivəsində hazırlanıb.
Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id