Stokholm suvenirləri (trauer)

746 0

İBRAHİMXƏLİL

“Rusca-azərbaycanca lüğət”də (“Elm” nəşriyyatı, Bakı – 1978) “suvenir” sözü dilimizdə “yadigar”, “yadigarlıq şeylər” kimi verilib. Amma “Məktəblinin alınma sözlər lüğəti” (Moskva, “Prosveşeniye” nəşriyyatı – 1990) iddia edir ki, “suvenir”i “yadigar”la birlikdə, yəni söz birləşməsi olaraq (məsələn, “yadigar suvenir”) işlətmək, olsa-olsa, tavtologiyadır, bir növ… söz yığını, sözçülükdür.

Suvenirin (fr. souvenir) ilkin mənası “qeyd dəftərçəsi” anlamını verib; ucqar, az-az da arazbarı sözümün təkrarı da elə burasındadır: axı tavtologiyanın da ilkin mənası ifadəni daha da təsirli etmək məqsədilə müsbət mənalı təkrara yol verməyin mümkünlüyüdü.

Beləliklə, orda ayla, illə, burda müxtəsər dillə…

Dostum Teymur Eminbəyli İsveçdə yaşayır və o, mənə Stokholmdan – suvenir olaraq – cib dəftərçəsi ilə avtoqələm göndərib. Cib dəftərçəsi də, qələm də məhdud məsuliyyətli müəssisə tərəfindən buraxılıb və qələmin üstündə usduflu sahmanla “Yevtushenko” yazılıb. Təbii ki, bu, görkəmli şair Yevgeni Yevtuşenkodur: adı vaxtilə düzü-dünyada dillər əzbəri olan, amma dünən “Yaşıl qapı” adlı kitabı (Tbilisi – 1990) Mirzə Mikrobun evində dəlməgöz dolmanın altına qalanan Yevtuşenko…

…O, aprelin birində – aldatma günündə vəfat etdi. Bəlkə də elə bu səbəbdən şairin vəfat etdiyi uzaq-uzaq Oklahoma ştatından bu qədər uzaqlarda, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın bir neçə nəfər durnagözlü qələm sahibi xəbəri qeyri-ciddi qəbul elədi. Elə aprelin birində də ötənilki Nobel mükafatı laureatı Bob Dilan nəhayət ki, Stokholmda mükafatı qəbul etmək qərarına gəldi. Yeri gəlmişkən deyim ki, Dilan yeganə mükafatçıdır ki, Nobel nitqi söyləməyib və dünyanın ucqar dediyim yerində mən vaxtilə Yevtuşenkonun bəzi çıxışlarını Nobel mühazirəsi sanırdım.

Vahid Vəhdət dünyasında nələr olmur?..

…Yevtuşenko zəmanəsini ötüb-keçən azsaylı şairlərdəndi. Özünün sözü olmasın: onun təyinatı şairdən və şairlikdən həmişə bir boy artıqdı!

ABŞ-da vəfat edən şair öz vəsiyyətinə əsasən aprelin on birində vətəni Rusiyada – yazıçıların dünyalarca məşhur Peredelkino qəsəbəsindəki qəbiristanlıqda, Nobel mükafatçısı Boris Pasternakın qəbrinin yanında dəfn edildi.

Yevtuşenko 1963-cü ildə Nobel mükafatı nominantı olub, amma mükafat yunan şairi Y.Seferisə verilib.

Əlbəttə, böyük şairlərin hər biri – aşkar, ya gizlin – Nobel arzusunda olur. Bəlkə də çoxlarının İsveç, Stokholm mövzusunda yasəmənli yazıları da həm də bu üsullu üzdəndir. Yevtuşenkonun “Roma ritmləri”, “Parisə məktub”u, “Santyaqo göyərçini” var, İsveç şeirləri yoxdur. Amma sözümün toz-tozanaq, az-az da arazbarı təkrarı bunda deyil. Məni şairlə bağlı iki məhfuz məsələ son dərəcə mütəəssir elədi: biri budur ki, Moskva məktəblərində “Yevtuşenko ilə vida dərsləri” keçirildi. İkincisi də şairin qəbrinin Pasternakın qəbri ilə yanaşı olmağıdır.

O, mübahisəli fiqur olub; bu öz yerində. Brodski onun “ruh”unu bəyənməyib; bu da öz yerində. Amma bu gün doğulduğu İrkutsk vilayəti qədər, ağ gecələrinə vurulduğu Arxangelsk tərəflər qədər, bizim Əyriqar tərəflərdə də Yevtuşenkonun yeri yüzəyüz görünür. Çünki 70-ci illərdə Mirzə Qələmin də, mənim də (eşitdiyimə görə sonralar Etimad Başkeçidin də) başımızı – az qala atamızdan artıq – ədəbiyyat sığallayıb, ədəbiyyat nəvaziş göstərib… müəlliflər sırasında bir də Yevtuşenkonun adı başda gələn ədəbiyyat! Bu da yadımdadır ki, onun vicdanı yanında vicdansızlar ötə bilmirdilər. Amma “zamanın amansız üzü” (ifadə Anarındır) nələrə qadir deyil?..

P.S. Vaqif Bayatlı demiş, “dünya bir şairin də üstündən yol elədi”…

…indi Stokholm suvenirlərimi sığallaya-sığallaya Süsən-Sünbül tərəflərə gedirəm.

Sizi də xəbərdar edirəm: sonra deməyin ki, demədi. Bildiyim qədər, Mirzə Qələmin beyqıryat batilə bir Yevtuşenko şapalağı çəkməyi də var. Əlini tutmayın…


Müəllifin başqa yazıları:  

Bu dağların Abbası (retro)

Təkayaq (izomorfizm)

Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)

Bilbaoda Bayraq günü (olimpias)

“Kor xəlifə” Tiflisdə (antipod)

Oturduqca oyun oynamaq (reaksiya)

Bizim mizantrop Hökumət (təzkirə)

Mükafat marafonu (praemium)

Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)

Emin Elsevərin baş keçidi (retro)

İbrahimxəlil süfrəsi (inversiya)

Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)

Neyron yuvaları nişangah altında (innovasiya)

Əyriqarın qardaşı (ucqar havası)

Borçalı butaforiyası (debüt)

Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)

Can (aqape)

Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)

Letargiyada erməni latayırları (kontrast)

Bulfüzul “burun”u (otolarinqologiya)

Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)

Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)

Məhəmməd Əli Əyriqarda (bandaj)

Mənim Şiraz tərəfim (leytmotiv)

Süsən-Sünbül sofistləri (ritorika)

Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)

Pikasso Əyriqarda (80×60)

Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)

Hər kəsin öz yağışı (nəqşi-zəmir)

Əyriqarda pyedestal mövsümü (evfemizm)

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)

Dəmir əsəbli dağlar (sinergiya)

Qafilin qandığı qrafa (eksklüziv)

Alın yazısını alın təri ilə silmək… (fraqment)

Yetimdoyduran (al dente)

Şarlotta (təzadlar)

Epikür bağları (vegetasiya)

Yetim Gürcü (boheme)

Şeytanı ağlatmaq (introspeksiya)

Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)

Sakit Məmmədovun savab və səxavət

Əyriqar qalxanı (silentium)

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id