Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu ilin birinci rübündə vətəndaşların nazirliyə şikayət məzmunlu müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 477-dən 91-ə enib.
Rəsmi hesabata görə, müraciətlərdə azalma dinamikası xüsusən sosial təminat və əlillik təyinatı məsələlərinə aid olub. Şikayət xarakterli müraciətlərin sayı sosial təminat məsələləri ilə bağlı 6,4 dəfə (412-dən 64-ə enib), əlillik məsələləri ilə əlaqədar 15 dəfə (60-dan 4-ə enib) azalıb.
Şikayətlərin azalması elektron xidmətlərin geniş istifadəsi ilə əlaqələndirilir.
Qeyd olunur ki, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 32 faiz azalaraq 13702-yə enib. O cümlədən sosial təminat məsələlərinə dair müraciətlərin sayında 41 faiz, tibbi-sosial ekspertiza və reabilitasiya məsələlərinə dair müraciətlərin sayında 13 faiz, məşğulluq məsələlərinə dair müraciətlərin sayında 15 faiz, əmək qanunvericiliyinə dair müraciətlərin sayında 36 faiz azalma qeydə alınıb.