Prezident etiraza səbəb olan maddəni imzalamadı

4927 0

Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişikliklər qanunu imzalayıb. Novator.az bildirir ki, dövlət başçısının 12 aprel fərmanı ilə rəsmiləşən qanun parlamentin aprelin 7-də qəbul elədiyi layihədən fərqlənir.

Məsələn, 7 aprel layihəsində məcəlləyə 92-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanında banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarlar məhkəmədə ləğv edilə bilməz.

Maddəyə görə, maliyyə bazarlarına nəzarət orqanının qərarlarından şikayətin verilməsi həmin qərarların icrasını dayandırmır. Maliyyə bazarlarına nəzarət orqanının qərarlarının qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin edilə bilər.

Prezidentin aprelin 12-də imzaladığı variantda belə bir maddə yoxdur.

Novator.az xatırladır ki, Milli Məclisin 7 aprel iclasında İnzibati Prosessual Məcəlləyə əlavə olunmuş 92-1-ci maddə Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin kəskin etirazına səbəb olmuşdu. “Yeni Müsavat” qəzetinin 10 aprel sayına müsahibəsində deputat demişdi: “Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların lisenziyasını ləğv etmək səlahiyyəti vardı. Amma İnzibati Prosessual Məcəllədə indi belə bir yeni müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, onda qərar yenə qüvvədə qalır. Yəni məhkəmə qərarı qanunsuz hesab edir, amma ləğv edə bilmir.

Bu, absurddur, hüquqi nihilizmdir. Burada konstitusiyanın bir neçə müddəası pozulur. Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Bundan başqa konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.

Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Biz İnzibati Prosessual Məcəlləyə sözügedən dəyişikliyi qəbul edəndən sonra belə çıxır ki, vətəndaş ona məxsus bankın qanunsuz bağlandığını düşünərsə, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur”.

Qüdrət Həsənquliyev qanuna yeniliyin qarşısını prezidentin ala biləcəyini qeyd etmişdi.

Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə əsasən, qanunlar qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim edilir.

Novator.az qeyd edir ki, konstitusiyanın 110-cu maddəsinə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Milli Məclisə qaytara bilər.

Dövlət başçısının imzalamadığı konstitusiya qanunları qüvvəyə minmir. Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id