Rəsul Cəfərov və digər hüquq müdafiəçilərinin təmsil olunduğu işçi qrup siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Contact.az siyahıya 147 nəfərin adının daxil edildiyini bildirir.
İşçi qrupun məlumatına görə, yenilənmiş siyahıda 97 dindarın, 11 siyasi və ictimai fəalın, sosial etirazlarda tutulan 11 şəxsin, 3 ömürlük məhbusun, 3 siyasi girovun, 2 yazıçı və bloqçunun, 2 keçmiş məmurun, 1 hüquq müdafiəçisinin adı salınıb.
Novator.az bildirir ki, bir müddət əvvəl Siyasi Məhbusların Müdafiə Mərkəzi də yeni siyahı açıqlayıb. Həmin siyahıda 162 siyasi məhbusun adı yer alıb.
Hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev və başqalarının hazırladığı siyahıda məhbuslar 11 qrupa bölünüb: jurnalistlər və bloqçular (10 nəfər); şair və yazıçılar (2 nəfər); hüquq müdafiəçiləri (1 nəfər); gənc fəallar (4 nəfər); müxalif partiya və hərəkatların üzvləri (7 nəfər); Səid Dadaşbəyli qrupu (10 nəfər); inanclılar (103 nəfər); girovlar (3 nəfər); keçmiş dövlət qulluqçuları (3 nəfər); sosial etirazların qurbanları (5 nəfər); ömürlük məhbuslar (14 nəfər).
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.