Aprelin 10-da Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin bu ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyib: “Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”.
BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd edib, bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğulayıb: “Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”.
Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, bu il də köçkünlər üçün yeni qəsəbələr salınır: “Onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək. Bundan başqa ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər”.
Bu prosesin mərhələli həll ediləcəyini, məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq hazır binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır və Azərbaycan bu potensialı yaradıb.
İqtisadiyyatın əsas göstəricilərinə nəzər salan prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib.
Birinci rübdə valyuta ehtiyatlarının 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarının 38,5 milyard dollar təşkil etdiyini deyən dövlət başçısı bunu önəmli məsələ adlandırıb: “Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir”.
İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb.
Dövlət başçısı bu ilin birinci rübündə turistlərin ölkəyə səfərində 25 faiz artımın olduğunu qeyd edərək bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirib.
Xəbəri AZƏRTAC yayıb.