Aprelin 7-si Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Rəşad Mustafayevin sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.
APA-nın məlumatına görə, vəkillər Toğrul Babayev və Ağaveyis Şahverdi vəsatətlərlə çıxış edib cinayət işinə xitam verilməsini, Əli İnsanovun azadlığa buraxılmasını, həbs qətimkan tədbirinin ləğv edilməsini istəyiblər.
Əli İnsanov da ittihamların əsassız olduğunu deyib.
Məhkəmə vəsatətləri təmin etməyib, baxış iclası aprelin 12-nə təyin olunub.
70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırıb. O, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada; hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmədə, cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunur.
Əli İnsanov 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaradağ Rayon Məhkəməsi ötən il oktyabrın 11-də Əli İnsanov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan bu müddət bir neçə dəfə uzadılıb.
Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, ötən il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.