Torpağın keyfiyyətini təyin edən mobil laboratoriyalar istifadəyə verilib
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin daha optimal və operativ qaydada müəyyənləşdirilməsi məqsədilə mobil laboratoriyalar istifadəyə verib. Laboratoriyaların köməyi ilə fermerlər əkin sahələrinin yararlı olub-olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə biləcəklər.
Aprelin 4-də yayılan rəsmi məlumatda deyilir: “Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin yaxşılaşdırılması, bərpası, mühafizəsi, təyinatı üzrə istifadə edilməsi məqsədilə alınmış mobil laboratoriyalar müasir tələblərə cavab verən mütərəqqi texnologiyalarla təchiz edilib. Mobil laboratoriyalar birbaşa kəndlinin, fermerin əkin-biçinlə məşğul olduğu sahələrdə xidmət göstərir. Mobil laboratoriyaların əsas məqsədi torpaqların keyfiyyət və münbitlik göstəricilərini təyin etməkdən ibarətdir. Bu laboratoriya analizləri əsasında torpaqların üzvi, mineral gübrələrə olan tələbatı təyin edilir. Bunun nəticəsində mütəxəssislərin fermerlərə, torpaq mülkiyyətçisinə bu tələbatı ödəmək üçün lazım olan gübrə normaları barədə məlumat vermək imkanı olacaq.
Mobil laboratoriyalar müxtəlif məqsədlər üçün nəzərdə tutulan cihaz və avadanlıqlarla təchiz edilib. Bu qurğu və avadanlıqların köməyi ilə torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri, yəni nəmliyi, ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, temperaturu və s. təyin olunur. Ərazidə olan zaman çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür, həmin nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür. Diametrləri müxtəlif olan elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır. Mobil laboratoriyada olan elektron tərəzilərdən (texniki və analitik) istifadə edərək az vaxtda istənilən nəticəni əldə etmək olar. Torpaqların hiqroskopik nəmliyi elektron cihaz vasitəsilə qısa müddətdə təyin olunur. Standart metodikalara əsaslanaraq torpağın fiziki-kimyəvi tərkibindən əlavə olaraq torpaqda olan qida maddələrinin (azot, fosfor, kalium) keyfiyyət göstəricilərini də öyrənməyə imkan verir”.