Kür və Araz çaylarında biogen maddələr yenə normadan artıqdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mart ayının üçüncü ongünlüyündə Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.2 dəfə keçib.
Fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.8, Bəhramtəpədə isə 3.3 dəfə yol verilən qatılıq həddindən artıq olub.
Mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Bütün məntəqələrdə suyun oksigen rejimi sanitar norma daxilində dəyişib.