Aprelin 3-də birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Görüşdə həmin döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsi təqdim olunub.
AZƏRTAC-ın məlumatına görə, Mehriban Əliyeva deyib ki, Azərbaycan sülhsevər ölkədir, məhz buna görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir və buna görə 20 ildən çoxdur danışıqlar aparır: “Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib. Azərbaycan bu işğala heç vaxt dözməyəcək. Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər, onların mübarizəsi haqq mübarizəsidir.
Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək verməyin.
Münaqişəyə tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana – nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.
Birinci vitse-prezident qeyd edib ki, Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsidir: “Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar”.
2016-cı ilin aprel döyüşlərinə toxunan Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğaldan azad olunması xalqda inam yaradıb: “Ədalət bərpa olunmalıdır. Cənab prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər, doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər.
Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdır”.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun həndəvərindəki 7 rayon zəbt olunub.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib.