Aprelin 3-ü Bakıda danışıqlar aparan Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev deyib ki, Qazaxıstan və Azərbaycan fəal inkişaf edən dövlətlər kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir: “Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir”.
Novator.az-ın məlumatına görə, dövlət başçısı görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlərin müzakirə olunduğunu deyib: “Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış birgə bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”.
Prezident qeyd edib ki, ticari-iqtisadi inkişafa dair məsələlər müzakirə olunub və əmtəə dövriyyəsinin artırıla biləcəyi mövqelər müəyyənləşdirilib: “Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim potensialımızı, niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb. Artıq konkret olaraq müzakirə etdiyimiz bəndlər üzrə prezidentlərin göstərişləri, ölkələrimizin ixrac mövqeləri nəzərə alınmaqla qısa müddətdə əmtəə dövriyyəsini, daha dəqiq desək, qarşılıqlı ixracı artırmağa imkan verəcək sənədlər hazırlanıb qəbul edilməlidir. Bunun üçün hər cür imkan var.
Mən həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş birbaşa Azərbaycan investisiyalarıdır. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar alırıq. Mən həmçinin Nursultan Abişeviçə bütün gəmi növləri, tankerlər, bərələr istehsal edən Bakı Gəmiqayırma Zavodunun potensialı barədə məlumat verdim. Biz özümüz sifarişlər yerləşdiririk və həmçinin bu müasir müəssisənin imkanlarından istifadə etməyə Qazaxıstan şirkətlərini də dəvət edirik.
Tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olundu. Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək. Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da potensialın göstəricisidir. Bu, müəyyən dərəcədə test yükü idi. Əminəm ki, bu, iqtisadi baxımdan çox səmərəli olacaq. Biz həmçinin qeyd etdik ki, son bir ildə Azərbaycandan və Qazaxıstandan qonşu dövlətlərə yüklərin tranziti əhəmiyyətli dərəcədə, bəzi mövqelərə görə isə hətta 8 dəfə artıb. Əlbəttə, bunun üçün təkcə infrastrukturlar kifayət deyil, hərçənd bunsuz mümkün də deyil. Biz Şərq-Qərb yolunun üstündə yerləşən bütün dövlətlərin tariflərinin endirilməsi və eyniləşdirilməsi üzərində çox fəal işləyirik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək.
Neft əməliyyatları, tranziti sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz həmçinin necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Başqa sözlə, bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik”.
Nursultan Nazarbayev deyib ki, iki ölkənin qarşılıqlı münasibətlərinin əsas məsələsi ticarətdir: “Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Ticarət bazisdir, təməldir. Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır. Qazaxıstan yeni İpək Yoluna cəlb olunub – Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz – Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni burada çox böyük potensial var. Biz bütün dövlətlərdən – Türkiyədən, Gürcüstandan, Azərbaycandan xahiş etmişik və Qazaxıstanda tapşırıq vermişik ki, daşımalar üçün tariflərin sərfəli olmasına diqqət yetirsinlər. Türkiyə ilə Rusiya arasında baş verən hadisələrlə əlaqədar Qafqaz vasitəsilə daşımaların həcmi artıb. Biz dərhal hiss etdik ki, həm Bakı, həm də Aktau bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. İndi Ukrayna bu marşrut vasitəsilə bütün Mərkəzi Asiya ilə ticarət qurmaq istəyir. Buna görə də burada çox böyük imkanlar açılır, biz bunu qeyd etdik”.
Qazaxıstan prezidenti iki ölkənin əmtəə dövriyyəsini kəskin artıra biləcəyini vurğulayıb: “Biz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymuşuq. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik”.
Nursultan Nazarbayev deyib ki, Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır: “Qazaxıstan Azərbaycanla olduğu kimi Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik”.