Prezident: “Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”

239 0

“Azərbaycan bayrağı Şuşada da, Xankəndidə də dalğalanacaq”. Prezident İlham Əliyev martın 18-i Bakıda keçirilən Novruz şənliyində belə deyib.

Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, əldə edilmiş uğurlar ölkəni gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda dünya miqyasında qiymətləndirilir: “Daxili vəziyyətimiz sabitdir. Bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir. Xalq bizim siyasətimiz dəstəkləyir və sabitliyin əsas amili də məhz budur.

Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr bizi çox narahat edir. Çünki biz təcrid olunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq. Yenə də qeyd etmək istəyirəm, bunu ancaq xalq-iqtidar birliyi qoruya bilər.

Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır. Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyət gərginləşib. Biz ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə özümüzü qoruyuruq. Həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən.

Azərbaycan xalqı bu 25 il ərzində açıq-aydın görür ki, bizim siyasətimiz ən düzgün siyasətdir. Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstərib. Eyni zamanda yaxın tarix onu da göstərib ki, hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik.

Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə. Biz bunu bilirik və mən həmişə bütün bu məsələlərlə bağlı öz mövqeyimi bildirmişəm. Eyni zamanda o ölkələr müstəqil həyata hazır deyildilər. O ölkələrdə xalq-iqtidar birliyi yox idi. O ölkələrdə kütləvi narazılıq var idi. Ona görə belə acınacaqlı, bədbəxt hadisələr baş verdi. Bütün bunlar bizim gözümüzün önündə baş verir və bir daha həm xalqımıza, həm bütün dünyaya göstərir ki, bu gün Azərbaycan doğrudan da dünya miqyasında öz siyasəti ilə fərqlənən və bir çox ölkələr üçün nümunəyə çevrilən bir ölkədir”.

İlham Əliyev deyib ki, ölkənin xarici siyasətinin və ümumiyyətlə, siyasətinin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsidir: “Əfsus ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk.

Bu günlərdə Bakıda V Qlobal Forum keçirilir. Forumda 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak edirlər. Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib. Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir.

Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik.

Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq.

Son illərin beynəlxalq münasibətləri göstərir ki, əfsuslar olsun, beynəlxalq təşkilatlar artıq o qədər də ciddi təsirə malik deyillər. Böyük dövlətlər isə öz maraqlarını güdürlər, beynəlxalq hüququ istədikləri kimi təhrif edirlər. Belə olan halda güc əsas amildir və biz bunu bilirik”.

Prezident iqtisadi vəziyyətin yaxşılaşdığını vurğulayıb: “Keçən il iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlayıb. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıb. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id