Ermənistanda parlament seçkisi ilə bağlı yeni sorğunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, “Sosiometr” Sosioloji Tədqiqatlar Mərkəzinin martın 1-dən 15-dək keçirdiyi sorğuya 3 min nəfər qatılıb.
Sorğu iştirakçılarının 34,5%-i aprelin 2-də keçiriləcək parlament seçkisində Sarukyan blokuna səs verəcəyini bildirib.
Sarukyan blokuna Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyan rəhbərlik edir.
Hakim Respublika Partiyasına respondentlərin 33%-i dəstək verib.
Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir.
Sorğuya əsasən, Konqres-Xalq Partiyası, Ohanyan-Raffi-Oskanyan, “Yolk” bloklarının, Erməni Dirçəlişi, Daşnaksütun, Azad Demokratlar partiyalarının səsləri 5-6%-dir.
Respondentlərin ən az hissəsi Kommunist Partiyasına səs verəcəyini bəyan edib.
“Sosiometr”in sorğusu göstərib ki, paytaxt Yerevanda hakim partiya 37%-lə digər bloklardan çox irəlidədir.
2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.