Zakir Nəsirovun cəzası 15 ilə endirildi

1095 0

Martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun da adı var.

Novator.az bildirir ki, Zakir Nəsirov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun işi üzrə tutulub. Hacı Məmmədovun başçılıq etdiyi dəstə 2005-ci ilin martında adam oğurluqları və qətllərə görə həbsə salınıb. Ümumən bu iş üzrə 26 nəfər mühakimə olunub, bir çox şəxs uzunmüddətli həbs cəzası alıb. Məhkəmə Hacı Məmmədova, Zakir Nəsirova və daha 8 nəfərə ömürlük həbs cəzası kəsib.

Zakir Nəsirov dövlət təltiflərindən və general-mayor rütbəsindən də məhrum edilib.

2017-ci il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Zakir Nəsirovun cəzası 15 il həbslə əvəz edilib.

Zakir Nəsirovun hazırda 70 yaşı var.

Dövlət başçısının 16 mart sərəncamı ilə ömürlük həbsə məhkum edilmiş daha bir nəfərin cəzası müddətli həbslə əvəz olunub. Bu, 2004-cü ildən həbsdə olan 1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Zakir oğludur. Onun cəzası 25 il həbslə əvəzlənib.

Sözügedən sərəncamla 412 dustağın azadlığa buraxılmasına göstəriş verilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, həbs cəzasına məhkum edilmiş, ancaq cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, cərimə cəzasına məhkum edilmiş 3 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id