Azərbaycan nümayəndə heyəti Ukraynaya səfər edib. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilər və 40-a yaxın iş adamı daxildir. Səfərin ilk günü – martın 13-də iqtisadiyyat naziri Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşüb. Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Kutavoyla görüşdə Azərbaycan və Ukrayna arasında aqrar sahədə əlaqələr, eləcə də kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, Azərbaycanda yaradılan aqroparklara investisiya qoyuluşu sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmin gün Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi, AZPROMO-nun və Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Ukrayna-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda çıxış edən Şahin Mustafayev iki ölkə arasında müvafiq müqavilə-hüquqi baza yaradıldığını, indiyədək 130-a yaxın sənəd imzalandığını vurğulayıb. Qeyd edilib ki, hazırda Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir. Ötən 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb.
Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verən Şahin Mustafayev Ukrayna iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib.
Sonra AZPROMO və Ukrayna Ticarət və Sənaye Palatası, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Xəbəri martın 14-də Economy.gov.az yayıb.